Noyabrın 23-də Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunda növbəti Daimi Elmi Seminar keçirilib.
Hibrid formatda təşkil olunan seminar İnstitutun icraçı direktoru, dosent Famil Rüstəmovun sədrliyi ilə baş tutub. Tədbirdə İqtisadiyyat İnstitutunun əməkdaşları ilə yanaşı, ali təhsil müəssisələrinin və digər elmi-tədqiqat institutlarının tədqiqatçıları da iştirak ediblər.
Seminarda İqtisadiyyat İnstitutunun “Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri” şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Məzəddin Eyyubov “Milli təsərrüfat sisteminin təhlükəsiz fəaliyyəti konsepsiyasının nəzəri-metodoloji əsasları” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi bildirib ki, apardığı çoxillik elmi araşdırmalar və hazırladığı doktorluq dissertasiyası əsasında müvafiq mövzuda monoqrafiya ərsəyə gətirib. M.Eyyubov təqdimatında milli təsərrüfat sisteminin təhlükəsiz fəaliyyətinin təmin olunması probleminin elmi-nəzəri və metodoloji aspektlərini diqqətə çatdırıb, mövzu üzrə apardığı tədqiqatların əsas mahiyyəti, tətbiq etdiyi yanaşmalar, həyata keçirdiyi hesablamalar və əldə etdiyi elmi nəticələr barədə ətraflı məlumat verib.
Məruzədən sonra mövzu ətrafında geniş elmi müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Müzakirələrdə xüsusilə milli iqtisadi təhlükəsizliyin təmin edilməsi, ölkənin təsərrüfat sisteminin dayanıqlı və təhlükəsiz fəaliyyətinə təsir göstərən başlıca daxili və xarici amillər, iqtisadi təhlükəsizliyin qiymətləndirilməsinə nəzəri-metodoloji yanaşmalar kimi məsələlər diqqət mərkəzində olub.
Seminar iştirakçıları milli iqtisadi təhlükəsizliyin müasir iqtisadi inkişaf şəraitində aktuallığını qeyd edərək mövzu ilə bağlı fikir və mülahizələrini bölüşüblər. Tədqiqatın ayrı-ayrı istiqamətləri, elmi yanaşmalar və əldə olunan nəticələr ətrafında fikir mübadiləsi aparılıb, araşdırmaların daha da dərinləşdirilməsi və təkmilləşdirilməsi ilə bağlı təklif və tövsiyələr səsləndirilib.
Seminar milli təsərrüfat sisteminin təhlükəsiz fəaliyyətinin elmi əsaslarının müzakirəsi, iqtisadi təhlükəsizlik problemlərinə dair elmi fikir mübadiləsinin genişləndirilməsi və bu istiqamətdə aparılan tədqiqatların inkişaf etdirilməsi baxımından əhəmiyyətli olub.






