Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutu ilə Türkiyənin OSTİM Texniki Universiteti arasında əməkdaşlıq əlaqələrinin qurulmasına həsr olunmuş onlayn formatda görüş keçirilib.
Tədbirdə hər iki qrumun bir qrup rəhbər şəxsləri və tədqiqatçılar iştirak ediblər.
İqtisadiyyat İnstitutunun icraçı direktoru, dosent Famil Rüstəmov təmsil etdiyi elmi müəssisənin əsas fəaliyyət istiqamətləri, fundamental elmi tədqiqatları, elmi tədbirlər, dövlət və hökumət qurumlarının sifarişi ilə həyata keçirilən layihələr, doktorantura təhsili və s. barədə geniş məlumat verib. İki qardaş ölkənin elmi tədqiqat və təhsil müəssisələrinin elm və təhsil sahəsində əmkdaşlığının genişləndirilməsinin, birgə layihələrin, o cümlədən elmi konfransların keçiriləməsinin, tədqiqatların aparılmasının, təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. Bu sahədə potensial imkanların olduğunu qeyd edib.
OSTİM Texniki Universitetinin prorektoru, professor Mustafa Polat Universitetin yaranması, hazırkı fəaliyyəti, nailiyyətləri, hədəfləri barədə danışıb, birgə əməkdaşlıq imkanlarını qeyd edib. Türkiyənin Ankara şəhərində yerləşən OSTİM Texniki Universiteti 2017-ci ildə OSTİM Fondu tərəfindən yaradılıb və sənaye yönümlü təhsilə güclü diqqəti, habelə OSTİM Mütəşəkkil Sənaye Bölgəsi ilə sıx əməkdaşlığı ilə diqqət çəkir.
İqtisadiyyat İnstitutunun şöbə müdiri, professor Rəsmiyyə Abdullayeva, Memarlıq və Dizayn fakültəsinin nümayəndəsi, dosent Tuğçe Çelik da qardaş ölkələrin bu elmi tədqiqat institutları arasında qarşılıqlı faydalı və səmərəli əməkdaşlıq əlaqələrinin qurulması, inkişafı ilə bağlı öz mülahizələrini, təkliflərini səsləndiriblər.
Görüşdə ETN İqtisadiyyat İnstitutu ilə OSTİM Texniki Universiteti arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, xüsusən də birgə tədqiqatların aparılması, layihələrin həyata keçirilməsikimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Görüşlərin davam etdirilməsi və əməkdaşlıq haqqında memarandumun imzalanması haqqında ilkin razılıq əldə olunub (economics.org.az).






