UNEC Yunus Sosial Biznes Mərkəzinin təşkilatçılığı ilə “Sosial Sahibkarlıq Günü” münasibətilə “Azərbaycanda sosial sahibkarlıq: təcrübə və inkişaf imkanları” mövzusunda elmi seminar keçirilib.
Seminarda Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Abdullayeva “Yoxsulluğun azaldılmasında sosial sahibkarlığın rolu” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə sosial sahibkarlığın yoxsulluğun azaldılması, sosial problemlərin həlli, məşğulluq imkanlarının genişləndirilməsi və cəmiyyətin rifahının yüksəldilməsində rolu və əhəmiyyəti diqqətə çatdırılıb.
Elmi seminarda tədqiqatçılar, sosial sahibkarlar, doktorantlar və magistrantlar iştirak ediblər. Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran məsələlər müzakirə olunub.
Seminar Azərbaycanda sosial sahibkarlıq sahəsində mövcud təcrübənin dəyərləndirilməsi, inkişaf perspektivlərinin müzakirəsi və bu istiqamətdə əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir. R.Abdullayeva elmi seminarın təşkilinə və dəvətə görə UNEC Yunus Sosial Biznes Mərkəzinin rəhbəri, i.f.d. Aygün Təhməzliyə təşəkkürünü bildirib.






