Noyabrın 13-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. İnstitutun baş direktoru, professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən iclasda təşkilati məsələlər, elmi nəşrlərin müzakirəsi və çapa tövsiyə olunması ilə bağlı bir sıra məsələlərə baxılıb.
İclası giriş sözü ilə açan prof. N.Müzəffərli gündəlikdə duran məsələlər barədə məlumat verib. Baş direktor İnstitut əməkdaşlarının əmək haqlarına əlavələrin verilməsinin yeni qaydalarını Elmi Şura üzvlərinin diqqətinə çatdırıb.
Daha sonra İnstitutda hazırlanmış elmi əsərlərin müzakirəsi aparılıb. İnstitutun Monetar və fiskal tənzimləmə problemləri şöbəsinin müdiri, iqtisad elmləri doktoru Yaşar Məmmədov müəllifi olduğu “Maliyyə-bank sisteminin rəqəmsal transformasiyası: ekosistem, ödəniş və kibertəhlükəsizlik problemləri” adlı monoqrafiyasını və “Azərbaycanda rəqəmsal ödəniş xidmətləri bazarının inkişafı” adlı bülletenini təqdim edib. Təqdim olunan nəşrlər ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb. Elmi Şuranın qərarı ilə hər iki nəşr çapa tövsiyə olunub.
İclasda, həmçinin İnstitutun İnklüziv sosial inkişaf şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Abdullayevanın və iqtisad üzrə fəlsəfə doktoru H. İmanovun həmmüəllifi olduqları “Sosial proqramlar və xidmətlər” adlı dərs vəsaiti müzakirə edilib. Elmi Şura üzvləri tərəfindən dərs vəsaitinin çapa tövsiyə olunması barədə qərar qəbul edilib.
Elmi Şuranın gündəliyində yer alan digər məsələ İnstitutun Aqrar sektorun iqtisadi problemləri şöbəsinin müdiri, iqtisad elmləri doktoru Yunus Sadıqovun “Aqrar klasterlər və regional inkişaf: Azərbaycan üçün yeni model” adlı monoqrafiyasının müzakirəsi olub. Aqrar klasterlərin formalaşdırılması və regional inkişaf məsələlərinə həsr edilmiş monoqrafiya müzakirələrdən sonra çapa tövsiyə edilib.
İclasda elmi kadrların hazırlanması ilə bağlı təşkilati məsələyə də baxılıb. Elmi Şuranın qərarı ilə İnstitutun keçmiş doktorantı, iqtisad üzrə fəlsəfə doktoru, dosent Firdovsi Şahbazova prof. R.Abdullayeva elmi məsləhətçi təyin edilib.
Elmi Şuranın iclası gündəlikdə duran məsələlər üzrə müvafiq qərarların qəbul edilməsi ilə başa çatıb.






