Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun İnklüziv sosial inkişaf şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru (i.f.d.), dosent Jalə Əliyevanın “Əlilliyi olan şəxslərin həyat keyfiyyəti” kitabı çapdan çıxıb.
İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr edilən monoqrafiyanın elmi redaktorları AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru (i.e.d.), professor Şahbaz Muradov və i.e.d., professor Rəsmiyyə Abdullayeva, rəyçiləri i.e.d., professor Gülənbər Əzizova və i.f.d. Vəfa Həşimovadır.
Monoqrafiyada əlilliyi olan şəxslərin həyat keyfiyyəti müasir sosial siyasət, insan hüquqları və inklüziv inkişaf kontekstində tədqiq olunur. “Əlillik” anlayışının nəzəri əsasları, əlilliyi olan şəxslərin hüquqları, sosial müdafiəsi, məşğulluq imkanları, inklüziv təhsil və rəqəmsal inklüzivlik məsələləri geniş təhlil edilir.
Monoqrafiya elmi işçilər, ali məktəb müəllimləri, tələbələr, doktorantlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.






