(1911, Paris, Fransa – 2010, Sen Klu, Fransa)
Əsərləri: “İqtisadiyyat və faiz” (1947), “Üçüncü dünya yol ayrıcında” (1961), “İqtisadi inkişafda kapitalın rolu” (1963), “İnflyasiyasız artım” (1967), “İqtisadi artım və inflyasiya” (1969), “Kapital idxalı və pul islahatı” (1976), “Mənfəətin ümumi nəzəriyyəsi” (1978), “Bazar iqtisadiyyatının monetar şərtləri” (1987), “Vergi islahatı” (1990), “İqtisadiyyat bir elm kimi” (1995), “İqtisadiyyatda səmərəliliyin şərtləri” (1998), “Qloballaşma: məşğulluğun və iqtisadi artımın məhv edilməsi” (2003), “Avropa böhranda. Nə etməli?” (2005)
Moris Alle XX əsrin tanınmış fransız iqtisadçılarından biri olmuşdur. Allenin tədqiqatları əsasən ümumi tarazlıq, iqtisadi artım, kapital, bölgu, pul siyasəti və seçim nəzəriyyəsinə həsr edilmişdir.
“Alle paradoksu” – real risk və qeyri-müəyyənlik şəraitində seçim (qərar) nəzəriyyəsi şərti gözlənilən faydalılıq nəzəriyyəsində irəli sürülən fərziyyələrin real həyat qərarları ilə ziddiyyət təşkil etdiyini iddia edir. Burada ideya ondan ibarətdir ki, iqtisadi subyektin riskə münasibəti ilə sonralar “ümumi nəticə effekti” adlandırılan onun “etimad dərəcəsi” arasında sistematik əlaqə mövcuddur. Başqa sözlə, real iqtisadi subyekt gözlənilən faydalılığı maksimuma çatdırmır, lakin maksimum etibarlılığa nail olur.
Alleyə görə, milli və beynəlxalq səviyyədə müasir monetar və maliyyə sisteminin dayandığı əsas prinsiplərin tamamilə yenidən düşünülməsi lazımdır. Onun fikrincə, pul yaradılması sahəsi yalnız dövlətə aid olmalı və buna görə də pul kütləsinə tam hakimlik Mərkəzi Banka verilməlidir. İqtisadçı təklif edirdi ki, Mərkəzi Bank istisna olmaqla, bütün banklar özəl olsalar da, Mərkəzi Bankın pul yaratması nəticəsində əldə edilən bütün gəlirlər dövlətə qaytarılmalıdır ki, bu da dövlətə praktiki olaraq bütün mütərəqqi gəlir vergisini aradan qaldırmağa imkan versin. Bu, mənfəətin və onların benefisiarlarının qeyri-şəffaf olduğu mövcud vəziyyəti aradan qaldıracaq. Belə mənfəətlər sadəcə inflyasiya yaradır və əslində cəmiyyətə sərfəli olmayan investisiyaları təşviq etməklə, yalnız kapitalın israfına səbəb olur. Alim əmanət (depozit) bankları ilə investisiya banklarının fəaliyyətinin bir-birindən ayrılmasının tərəfdarı idi.
Moris indeksləşdirmə yolu ilə gələcəklə bağlı qeyri-müəyyənliyi kökündən azaltmaq üçün tədbirlər (məsələn, əmək haqqının qiymətlərlə əlaqələndirilməsi) təklif etmişdir ki, bu da iqtisadiyyatın səmərəliliyini və gəlirlərin bölüşdürülməsində ədalətliliyi qoruyub saxlamağa təsir edəcəkdir.
Allen qiymətlərin tələb və təklif arasında tarazlıq yaratdığı “tarazlıq qiymətləri” üçün riyazi tənlik yaratmışdır. O hesab edirdi ki, faiz dərəcələri iqtisadiyyatın artım tempindən artıq olmamalıdır.
Alim qloballaşmaya əks mövqeyi ilə seçilirdi. Onun fikrincə, qloballaşma yalnız hər yerə qeyri-sabitlik, işsizlik, ədalətsizlik gətirə bilər, bu siyasət milli iqtisadiyyatları məhv edir və həyat səviyyəsinin artım tempini aşağı salır. Bu prosesin isə nə qaçılmaz, nə zəruri, nə də arzu olunan olduğunu hesab edirdi. Böhran və qloballaşmanı bir-birinə bağlı amillər kimi xarakterizə edir və yazırdı ki, qloballaşma yalnız transmilli şirkətlərə fayda gətirir.
Morisə görə, işsizlik əmək haqqının həddindən artıq fərqli olması səbəbindən yaranır. Digər bir səbəb kimi isə ticarətin tam liberallaşmasını göstərirdi. Çox fərqli gəlirləri olan ölkələr arasında proteksionizm siyasətinin tamamilə zəruri olmasını qeyd edən iqtisadçıya görə himayədarlığın olmaması hər bir yüksək gəlirli ölkədə bütün sənaye sahələrini məhv edəcəkdir.
P.S. Fransız fiziki və iqtisadçısı Moris Alle kiçik bir pendir mağazasının sahibinin ailəsində anadan olmuşdur. Atası I Dünya Müharibəsi zamanı alman əsir düşərgəsində ölmüşdür. Bu fakt, Allenin fikrincə, onun bütün həyatında dərin iz buraxmışdır. Uşaqlıqdan o, tez-tez ailə işlərində dul anasına kömək etməli olurdu.
Tarix elminə böyük həvəsi olmasına baxmayaraq, riyaziyyat müəlliminin təkidi ilə daxil olduğu və mühəndislik üzrə təhsili aldığı Paris Politexnik Məktəbini 1933-cü ildə, Paris Dağ-Mədən İnstitutunu isə 1936-cı ildə bitirmiş və Fransa Milli Filiz Mədənləri Xidmətində calışmışdır.
Sonradan iqtisad elmi ilə maraqlanmağa, iqtisadi problemləri tədqiq etməyə başlamışdır. Məhz Böyük Depressiya dövründə ABŞ-a etdiyi səfər zamanı yoxsulluğun və aclığın şahidi olduqdan sonra o, bu problemlərin səbəblərini öyrənmək və iqtisadiyyatı yaxşılaşdırmaq qərarına gəlmişdir. Moris özünün iqtisadi fikirlərinin formalaşmasında əsas stimul kimi Leon Valras, Vilfredo Pareto və İrvinq Fişerin adını xüsusi olaraq qeyd edirdi.
II Dünya müharibəsi illərində leytenant rütbəsində İtaliya cəbhəsində əməliyyatlarda iştirak etmiş, Fransanın təslim olmasından sonra Parisdə dağ-mədən işi üzrə statistik büroda calışmışdır. 1946-cı ildə Milli Elmi Tədqiqatlar Mərkəzində qrup rəhbəri olmuş, 1949-cu ildə Paris Universitetində elmlər doktoru dərəcəsi almış və burada uzun illər professor kimi fəaliyyət göstərmişdir.
Alle həmçinin 1967-1970-ci illərdə İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Tədqiqatlar İnstitutunda çalışmış, ABŞ-da və digər bir sıra ölkələrdə hökumət və beynəlxalq ekspert komissiyalarında iştirak etmiş, 1985-ci ildə Paris Universitetindən təqaüdə çıxmışdır.
Alle Beynəlxalq Ekonometrika Cəmiyyətinin (1949), Beynəlxalq Statistika İnstitutunun (1951) üzvü seçilmişdir.
“Bazarlar nәzәriyyәsi vә resursların sәmәrәli istifadәsi istiqamәtindә yenilikçi töhfәlәrә görә” 1988-ci ildә, 77 yaşında olarkən İqtisad üzrə Nobel mükafatı ilə təltif edilmişdir. O, bu elm sahəsində adı çəkilən mükafatı alan ilk fransız tədqiqatçısıdır. Düzdür, onun tələbələrindən olan Jerar Debre 1983-cü ildə bu mükafatı alsa da, o, həmin vaxt artıq ABŞ vətəndaşı idi.
Alim digər çoxsaylı mükafat və adlara da layiq görülmüşdür. Onun aldığı mükafatlar sırasında Milli Elmi-Tədqiqatlar Mərkəzinin Qızıl medalı (1978) və Fransanın Ali Fəxri Legion ordeni (2010) xüsusi yer tutur.
Alle Keynsçi liberalizmi müdafiə edir və dövlət sektorunun tərəfdarı olduğunu iddia edirdi. 1992-ci ildə Maastrixt Müqaviləsini azad ticarətə həddindən artıq önəm verdiyinə görə tənqid etmişdir. O, eyni zamanda vahid Avropa valyutasına və Avropa Konstitusiyasına şübhə ilə yanaşırdı.
Ömrünün böyük hissəsi üçün Allenin tədqiqatlarının əksəriyyəti Fransadan kənarda çox az tanınmışdır. Səbəb isə əsərlərini ingilis dilində yazmaq və ya tərcümə etməkdən çəkinməsi idi. Bir çox əsas əsərləri yalnız ingilisdilli iqtisadçılar tərəfindən müstəqil olaraq yenidən kəşf edildikdə və populyarlaşdıqda geniş ictimaiyyətə məlum olmuşdur.
Məşhur iqtisadçı Pol Samuelson demişdir: “Əgər Allenin ilk əsərləri ingilis dilində yazılsaydı, onda iqtisadi nəzəriyyənin bütöv bir nəsli başqa bir yol tutmuş olacaqdı”. Həmçinin o, “iqtisadi təhlil dünyasının nəhəngi” hesab edilən Morisin Nobel mükafatına daha əvvəl layiq görülməli olduğu fikrini də irəli sürmüşdü.
Allenin iqtisadiyyat sahəsindəki tədqiqatları ilə yanaşı, həmçinin tarix, sosiologiya, politologiya, coğrafiya və fizikanın problemləri üzrə də dərc olunmuş əsərləri vardır. O, 1952-1960-cı illər arasında cazibə, xüsusi nisbilik və elektromaqnetizm sahələrində təcrübələr aparmışdır. Ötən illər ərzində onun tapıntılarını yoxlamaq üçün bütün dünya alimləri tərəfindən bir sıra təcrübələr həyata keçirilmişdir. Tarixə olan həvəsini heç vaxt itirməyən Alle iqtisadi baxımdan sivilizasiyaların yüksəlişi və süqutu ilə bağlı da bir sıra əsərlər nəşr etdirmişdir.
Jaklin adlı xanımla ailə həyatı qurmuş və onların bu izdivacdan bir qızı dünyaya gəlmişdir. Həyat yoldaşı 2003-cü ildə dünyasını dəyişmişdir.
Alim XX əsrin ikinci yarısının ən uzaqgörən iqtisadçılarından biri hesab olunurdu. O, 99 yaşında vəfat etmişdir.
Hazırladı:
Gülnarə Fətəliyeva, ETN İqtisadiyyat İnstitutunun “İnnovativ iqtisadiyyat və rəqəmsal transformasiya” şöbəsinin aparıcı elmi işçisi, i.f.d.






