Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun Gənc Alimlər Şurasının növbəti iclası keçirilib. İclasda İnstitutun NASCO29 Respublika Elmi Konfransında iştirak etmiş gənc əməkdaş və doktorantlarının elmi məruzələri dinlənilib, onların tədqiqatları ətrafında müzakirələr aparılıb.
İclası giriş sözü ilə açan Gənc Alimlər Şurasının sədri, iqtisad üzrə fəlsəfə doktoru Elnur Zeynalov bildirib ki, 30–31 oktyabr 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetinin ev sahibliyi ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı əsasında “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş Doktorantların və Gənc Tədqiqatçıların Respublika Elmi Konfransı (NASCO29) keçirilib.
E.Zeynalov qeyd edib ki, konfransda İqtisadiyyat İnstitutunun gənc əməkdaşları və doktorantları fəal iştirak ediblər. Belə ki, İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının 15 üzvündən biri əyani, dördü isə hibrid formatda konfransa qatılaraq elmi məruzələrlə çıxış edib. Bundan əlavə, İnstitutun doktorantlarından iki nəfər əyani, səkkiz nəfər isə hibrid formatda konfransda iştirak edərək tədqiqatlarının nəticələrini təqdim edib.
İclasda konfrans iştirakçılarının müxtəlif istiqamətləri əhatə edən elmi məruzələri dinlənilib.
İqtisadiyyat İnstitutunun elmi işçisi, i.f.d. Aytən Əbdürrəhmanova “Türk Dövlətləri Təşkilatında innovativ sahibkarlığın inkişafı perspektivləri” mövzusunda çıxış edib.
İqtisadiyyat İnstitutunun elmi işçisi Fəxrəddin Babazadə “Turizm sahəsində biznes mühitinin dövlət tənzimləməsi səviyyəsinin qiymətləndirilməsi” mövzusunda məruzə edib.
İnstitutun doktorantı Nurlan Səfərzadə “Azərbaycanda rəqəmsal transformasiyanın iqtisadi töhfəsinin ölçülməsi üçün milli statistik çərçivənin hazırlanması” (Developing a National Statistical Framework for Measuring Digital Transformation's Economic Contribution in Azerbaijan) mövzusunda tədqiqatını təqdim edib.
Digər doktorant Pərviz Salmanov “Azərbaycanda bank kreditləşməsinin iqtisadi artıma təsirinin qiymətləndirilməsi” mövzusunda məruzə edərək tədqiqatının əsas istiqamətləri barədə məlumat verib.
Gənc Alimlər Şurasının sədri, i.f.d. Elnur Zeynalov isə “Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında ticarət əlaqələrinin və valyuta məzənnəsinin qiymətləndirilməsi” mövzusunda elmi təqdimatla çıxış edib.
Məruzələrdən sonra təqdim olunan tədqiqat mövzuları ətrafında geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Müzakirələrdə iştirak edən İqtisadiyyat İnstitutunun icraçı direktoru, dosent Famil Rüstəmov təqdim olunan elmi məruzələri dəyərləndirərək tədqiqatların daha da dərinləşdirilməsinin, müqayisəli təhlillərin genişləndirilməsinin və əldə olunan nəticələrin elmi cəhətdən əsaslandırılmasının vacibliyini vurğulayıb. O, tədqiqatların keyfiyyətinin yüksəldilməsi, elmi nəticələrin təkmilləşdirilməsi və onların praktiki əhəmiyyətinin artırılması istiqamətində öz tövsiyələrini səsləndirib.
İclas gənc alim və doktorantların elmi fəaliyyətinin müzakirəsi, onların tədqiqat nəticələrinin paylaşılması, elmi fikir mübadiləsinin genişləndirilməsi və gələcək araşdırmaların istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli olub.






