(1934, Boston, ABŞ)
Əsərləri: “Portfel təhlili üçün sadələşdirilmiş model” (1963), “Kompüterlərin iqtisadiyyatı” (1969), “Portfel nəzəriyyəsi və kapital bazarı” (1970), “İdarəetmə iqtisadiyyatına giriş” (1973), “Aktivlərin bölüşdürülməsi alətləri” (1985), “Fond aktivlərinin səmərəli tərkibinin müəyyən edilməsi” (1988), “İnvestisiyalar” (1999), “İnvestisiyaların əsasları” (2000)
Uilyam Şarp dövrümüzün tanınmış amerikalı iqtisadçılarındandır. Şarpın əsərləri investisiyalara, qiymətli kağızlara, maliyyə bazarlarında qiymətqoyma məsələlərinə həsr olunmuşdur.
Şarp kapital aktivlərinin qiymət modelinin yaradıcılarından biridir. Bu nəzəriyyə diversifikasiya edilmiş portfeldə qiymətli kağızları necə effektiv qiymətləndirmək və onlarla bağlı bazar riskləri sualına cavab verir. Başqa sözlə, model, aktivin bazar riskini nəzərə almaqla, mövcud yaxşı şaxələndirilmiş portfelə əlavə edilməli olan aktiv üzrə tələb olunan gəlir səviyyəsini müəyyən etmək üçün istifadə olunur. İqtisadçı qeyd edirdi ki, şirkətlər makroiqtisadi risklərdən asılıdır. O, bu risk ölçüsünü “beta” adlandırmışdır. Belə bir fikir irəli sürmüşdür ki, daha yüksək beta riski olan şirkətlər aşağı beta olanlara nisbətən daha sürətli inkişaf edə bilirlər.
Şarp investisiya riskləri arasında ümumi iqtisadi və təsadüfi amilləri müəyyənləşdirmiş, birinciləri sistemli risk, ikinciləri isə spesifik risk adlandırmışdır. Alim kapital aktivlərinin qiymət modelinin gözlənilən gəlirlərin qarşısı alınması mümkün olmayan sistemli risklə əlaqəli olduğunu iddia edirdi. Sabit bazarda spesifik risklərlə mübarizə aparmaq üçün düzgün diversifikasiyadan istifadə etməyi təklif etmişdir.
Uilyam həmçinin “Şarp əmsalı”nin müəllifidir. Şarp əmsalı investorlara portfelin gəlirlərinin yaxşı qərarlar qəbul etmənin və ya artan riskin nəticəsi olub-olmadığını müəyyən etməyə kömək edir. İnvestorun aldığı hər əlavə risk üçün nə qədər əlavə gəlir qazandığını göstərən bu əmsal portfellər arasında müqayisə aparmaq, risklə gəlirin balansını ölçmək, yüksək gəlirli, lakin riskli portfelləri analiz etmək üçün istifadə edilir. Məsələn, iki müxtəlif portfel eyni gəlirə malik ola bilər. Belə olduqda, Şarp əmsalı onu əldə etmək üçün hansı portfelin daha çox riski öz üzərinə götürdüyünü göstərir. Bunu müəyyən etməklə, gəlir və risk arasında optimal tarazlığa malik bir portfel yaratmaq mümkündür.
1980-ci illərdə Şarp pensiya, sığorta və digər fondlar üzrə investisiyaların planlaşdırılması siyasəti məsələləri üzərində işlərini davam etdirmişdir.
P.S. Amerikalı iqtisadçı və maliyyəçi Uilyam Şarpın atası ingilis ədəbiyyatı, anası isə təbiət elmləri üzrə təhsil almışdır. Atası bir müddət Harvard Universitetində müəllimlik etdikdən sonra İkinci Dünya Müharibəsi zamanı ABŞ Milli Qvardiyasında xidmət etdiyindən ailə bir neçə dəfə yaşayış yerini dəyişməli və yeni yerlərə köçməli olmuş, nəhayət Kaliforniyanın Riversayd şəhərində məskunlaşmışdır. Uilyam uşaqlıq və yeniyetməlik illərinin qalan hissəsini bu şəhərdə keçirmişdir.
1951-ci ildə Riversayd Politexnik Liseyini bitirdikdən sonra tibb sahəsində təhsil almaq məqsədilə Berkli Kaliforniya Universitetinə daxil olmuşdur. Lakin birinci kursda oxuyarkən qərarını dəyişmiş, biznes idarəçiliyi üzrə təhsil almaq üçün Los-Ancelesdəki Kaliforniya Universitetində təhsilini davam etdirmişdir. Burada mühasibat uçotunun da ona maraqlı gəlməməsi səbəbindən iqtisadiyyat ixtisasını seçmişdir. Şarp bakalavr (1955), magistr (1956) və fəlsəfə doktoru (1961) dərəcələrini məhz bu universitetdə qazanmışdır. Həmin vaxtlar bu korporasiya hesablama texnikası, oyunlar nəzəriyyəsi, tətbiqi iqtisadiyyat, xətti və dinamik planlaşdırma sahələri üzrə tədqiqatlar həyata keçirirdi. Şarp məhz burada həmkarı Harri Maks Markovitslə investisiya portfeli və qiymətli kağızların qarşılıqlı əlaqəsini əks etdirən problemlər üzrə birgə tədqiqatlara başlamışdır. Markovitsin portfel investisiyası nəzəriyyəsi ilə tanışlığı onun gələcək karyerası üçün əsas dönüş nöqtəsi olmuşdur.
1961-ci ildən Sietl şəhərində Vaşinqton Universiteti nəzdindəki Biznes Məktəbində tədris işinə keçmişdir. Burada işlədiyi səkkiz il ərzində mikroiqtisadiyyat, hesablama texnikası, maliyyə nəzəriyyəsi, statistika, əməliyyatların tədqiqi və bu kimi çoxsaylı fənlərdən dərs demişdir. 1968-1970-ci illərdə İrvin Kaliforniya Universitetində işlədikdən sonra Stanford Universitetində fəaliyyətə başlamışdır. Bu müddətdə investisiyalar sahəsində, xüsusən də portfelin bölüşdürülməsi və pensiya fondları ilə bağlı tədqiqatlarını davam etdirmişdir. Bunlarla yanaşı, Şarp sonrakı illərdə bir sıra özəl şirkətlərdə investisiya məsələləri üzrə məsləhətçi vəzifələrində çalışmışdır.
1976-cı ildə İqtisadi Tədqiqatların Milli Bürosu ilə işləmişdir. 1986-cı ildə Frank Russell Company ilə əməkdaşlıq çərçivəsində pensiya fondlarına və fondlara aktivlərin bölüşdürülməsi ilə bağlı tədqiqat və məsləhətlərin verilməsi üzrə ixtisaslaşmış “Sharpe-Russell Research” firmasını təsis etmişdir. Həmin ildə “William Sharp Associates” adlı öz konsaltinq firmasını qurmuşdur. 1989-cu ildə tamamilə pedoqoji fəaliyyətdən uzaqlaşmışdır. Bununla belə, Şarp Stenford Universitetinin fəxri professoru olaraq onun elmi işində iştirak etməkdədir.
“Maliyyә nәzәriyyәsindә yenilikçi tәdqiqatlarına görә” 1990-cı ildә, 56 yaşında olarkən iqtisad üzrə Nobel mükafatını almışdır. O, bu mükafata ABŞ iqtisadçıları Harri Maks Markovits və Merton Hovard Miller ilə birlikdə layiq görülmüşdür.
Alim bir sıra fəxri adlar və mükafatlarla təltif edilmişdir. İspaniya, Avstriya və s. ölkələrin aparıcı universitetlərinin (DePaul, Vyana, Alikante) fəxri doktoru adlarını almışdır. Ona Los-Anceles Kaliforniya Universitetinin ən yüksək mükafatı hesab edilən medalı verilmişdir.
Maliyyə sahəsinin tədqiqindəki xidmətlərinə və biznes sahəsində tədrisə verdiyi töhfələrə görə Amerika Biznes Məktəbləri Assambleyasının (1980) və Maliyyə Analitikləri Federasiyasının (1989) mükafatlarına layiq görülmüşdür.
Şarp öz tədqiqatlarının nəticələrini maliyyə aktivlərinin yerləşdirilməsi sahəsində mütəxəssislərin hazırlanması üzrə tədris kurslarında həyata keçirməyə çalışmışdır. O, Maliyyə Analitikləri İnstitutunun Tədqiqat Fondunun, Tədris və Tədqiqatlar Şurasının himayəçisi, Kəmiyyət Tədqiqatları İnstitutunun komitə üzvü,
həmçinin İsveçrə Bankının investisiya portfellərinin idarə edilməsi şöbəsinin məsləhətçisi olmuşdur. Amerika Maliyyə Assosiasiyasının prezidenti (1980) vəzifəsində çalışmışdır. O, Sülh və Təhlükəsizlik Naminə İqtisadçılar təşkilatının qəyyumudur.
Proqramlaşdırma da alimin maraq dairəsinə daxil idi. O, hətta Basic dili ilə bağlı dərslik də dərc etdirmişdir. 1996-cı ildə bir çox maliyyə nəzəriyyələrini portfel idarəçiliyinə tətbiq etmək üçün texnologiyadan istifadə edən “Financial Engines” şirkətinin həmtəsisçilərindən biri olmuşdur.
2024-cü ilin iyununda Şarp Donald Trampın maliyyə və ticarət siyasətinin Federal Ehtiyat Sisteminin müstəqilliyini məhdudlaşdırmaq səyləri ilə birlikdə ABŞ-da yenidən inflyasiyaya təkan verəcəyini iddia edən açıq məktubu imzalayan İqtisadiyyat üzrə 16 Nobel mükafatçısından biri olmuşdur.
1986-cı ildə ixtisasca rəssam olan Ketrin Şarp ilə ailə həyatı qurmuşdur. Onların iki övladı var. Alim hazırda 92 yaşındadır.
Hazırladı:
Gülnarə Fətəliyeva, ETN İqtisadiyyat İnstitutunun “İnnovativ iqtisadiyyat və rəqəmsal transformasiya” şöbəsinin aparıcı elmi işçisi, i.f.d.






