Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Abdullayeva Türk Akademisyenler Birliyinin və Qorqudata Universitetinin təşkilatçılığı ilə 27–28 sentyabr 2026-cı il tarixlərində keçirilən Qənirə Paşayevaya həsr olunmuş Beynəlxalq Multidissiplinar Konqresdə iştirak edib.
22 ölkədən 200-dən çox elm adamının iştirak etdiyi konqresdə müxtəlif elm sahələrini əhatə edən məruzələr dinlənilib, aktual elmi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Prof. R.Abdullayeva konqresdə “Qənirə Paşayeva yaradıcılığında qadının cəmiyyətdə rolu: insan kapitalının formalaşması kontekstində” mövzusunda məruzə ilə çıxış edib.
R.Abdullayeva, həmçinin konqres çərçivəsində keçirilən iclaslardan birinə sədrlik edib.
Beynəlxalq Multidissiplinar Konqresin əsas məqsədi müxtəlif elm sahələrində fəaliyyət göstərən alim və tədqiqatçıları çoxşaxəli yanaşma əsasında bir araya gətirmək, elmi əməkdaşlığı genişləndirmək və fikir mübadiləsini təşviq etmək olub.






