27 Sentyabr - Anım Günü ilə əlaqədar Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunda tədbir keçirilib.
Öncə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan İnstitutun icraçı direktoru, dosent Famil Rüstəmov bildirib ki, Ermənistanın ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlayıb. Ordumuz 30 ilə yaxın erməni işğalında qalmış torpaqlarımızı azad edib.
Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir. Bu qələbənin əldə olunmasında qəhrəman Azərbaycan əsgərinin göstərdiyi igidlik və şücaət xalqımızın yaddaşında əbədi yaşayacaq, gələcək nəsillərə örnək olacaqdır.
F.Rüstəmov qeyd edib ki, 44 günlük müharibənin uğurlu nəticəsinin böyük tarixi, siyasi, iqtisadi, hərbi və mənəvi əhəmiyyəti vardır. Azərbaycan xalqı öz hüquqları uğrunda mübarizə apararaq torpaqlarını işğaldan azad etməklə ərazi bütövlüyünü bərpa edib. Anım Günü şəhidlərimizin müqəddəs xatirəsinin uca tutulduğu, onların ruhuna ehtiramla baş əydiyimiz gündür. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin xatirəsini əziz tutur və onların ruhuna ehtiram göstərir.
Tədbirdə çıxış edənlər – Tariyel Qurbanov, Tanrıverdi Paşa, Dilman Əsədov, Yulduz Əliyeva, Sevda Mikayılova, Firdovsi Şahbazov və digərləri 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunmuş qələbədən, xalq-ordu birliyindən, Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən fəaliyyətlərdən, qələbəyə aparan yoldan, eləcə də hazırda işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən danışıblar.
Qeyd olunub ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 3 minə yaxın hərbi qulluqçusu həlak olub, yüzlərlə hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirib. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunub. Şəhidlərimizin müqəddəs xatirəsini daim yaşatmaq və onların qəhrəmanlığını gələcək nəsillərə çatdırmaq hər birimizin mənəvi borcudur.
Allah şəhidlərimizə rəhmət eləsin!
Qazilərimizə can sağlığı versin!






