24 sentyabr, AZƏRTAC
Azərbaycanın qızıl sənayesinin inkişafı qeyri-neft ixracının şaxələndirilməsi, regionlarda məşğulluğun artırılması və yeni istehsal zəncirlərinin formalaşdırılması baxımından geniş imkanlar yaradır.
Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun Təhsil şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru Ellada Xankişiyeva AZƏRTAC-a müsahibəsinə “Azərbaycan regionlarında qızıl hasilatı sənayesinin inkişafının iqtisadi perspektivləri” mövzusunda apardığı tədqiqat əsasında fikirlərini bölüşüb.
E.Xankişiyeva qeyd edib ki, işğaldan azad edilmiş Kəlbəcərdə “Söyüdlü” və “Qızılbulaq”, Zəngilanda isə “Vəcnəli” qızıl yataqları Azərbaycanın qızıl sənayesinin mineral-xammal bazasının genişləndirilməsi üçün mühüm imkanlar yaradır: “Bu yataqların istismara hazırlanması Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının daha geniş şəkildə reallaşdırılmasına və burada yeni istehsal zəncirlərinin formalaşdırılmasına şərait yarada bilər”.
Müsahibimizin sözlərinə görə, perspektivdə hasilat–zənginləşdirmə–emal–affinaj–zərgərlik məhsulunun istehsalı və ixrac ardıcıllığını əhatə edən tam dəyər zəncirinin formalaşdırılması məqsədəuyğun görünür. Belə yanaşma qızılın yalnız xammal və ya ilkin emal məhsulu kimi deyil, yüksək əlavə dəyər yaradan son sənaye məhsulu kimi iqtisadi dövriyyəyə daxil edilməsinə imkan verə bilər. Belə bir istehsal zəncirinin formalaşdırılması daxili zərgərlik sənayesinin inkişafına, yeni iş yerlərinin yaradılmasına və qızıl məhsullarının ixrac imkanlarının genişləndirilməsinə şərait yarada bilər.
İqtisadçı Filizçay yatağının da bu baxımdan xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: “Filizçay layihəsinin əsas iqtisadi üstünlüklərindən biri yalnız filizin hasilatı ilə məhdudlaşmamasıdır. Mis, sink və qurğuşunun tamhəcmli emalının nəzərdə tutulması xammalın daha yüksək əlavə dəyər yaradan məhsullara çevrilməsinə imkan verəcək. Bu isə həm ixrac strukturunun şaxələndirilməsi, həm də ölkə daxilində yeni sənaye və xidmət sahələrinin formalaşması baxımından əhəmiyyətlidir”.
E.Xankişiyeva qeyd edib ki, Kəlbəcər, Ağdərə və Zəngilan ərazilərində qızıl, mis və digər faydalı qazıntı yataqlarının istismara hazırlanması, mövcud yataqların müasir geoloji üsullarla yenidən qiymətləndirilməsi və yeni kəşfiyyat işlərinin aparılması həmin ərazilərin iqtisadi potensialının reallaşdırılmasına xidmət edə bilər. Bu proses “Böyük Qayıdış” Proqramının iqtisadi komponentini də gücləndirə bilər. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə sənaye müəssisələrinin yaradılması məşğulluğun artırılması ilə yanaşı, yerli iqtisadi fəaliyyətin genişlənməsinə imkan verəcək.






