Sentyabrın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “UI GreenMetric Dayanıqlı Universitetlərin Reytinqi: 2026-cı il üzrə nəticələr və mükafatlandırma mərasimi”nə start verilib.
ADNSU-nun ev sahibliyi və təşkilatçılığı, eləcə də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə keçirilən beynəlxalq tədbirin məqsədi ali təhsil müəssisələrinin ətraf mühitin mühafizəsi, enerji səmərəliliyi, iqlim fəaliyyəti və dayanıqlı inkişaf istiqamətlərində əldə etdiyi nailiyyətləri qeyd etmək, 2026-cı il üzrə qlobal reytinq nəticələrini elan etmək və təcrübə mübadiləsi aparmaqdır. Tədbirdə müxtəlif ölkələrdən universitet rəhbərləri, beynəlxalq ekspertlər, siyasətçilər və tədqiqatçılar, eləcə də yerli ali təhsil müəssisələrinin rəhbərləri və elm adamları iştirak ediblər.
Tədbirdə ETN İqtisadiyyat İnstitutunun baş direktoru, prof. Nazim Müzəffərli, icraçı direktor, dosent Famil Rüstəmov, şöbə müdirləri dos. Mahir Zeynalov, Ənvər İsmayıllı və aparıcı elmi işçi, dos. Tariyel Qurbanov iştirak ediblər.
Qeyd edək ki, “UI GreenMetric Dayanıqlı Universitetlərin Reytinqi: 2026-cı il üzrə nəticələr və mükafatlandırma mərasimi”nin I günündə bir konfrans, 5 panel sessiya, 2 vorkşop keçirilib, həmçinin ayrı-ayrı ali təhsil müəssisələrinin əməkdaşlığı istiqamətində yeni müqavilələr imzalanıb. Tədbir sentyabrın 25-dək davam edəcək.






