Özbəkistanın Olmalıq Dövlət Texniki İnstitutunun Beynəlxalq əlaqələr üzrə prorektoru Zakircan Zikriyayev, Türkiyənin İstanbul Arel Universitetinin dosenti Orhan Faik və Azərbaycan Dillər Universiteti rektorunun müşaviri Anar Osmanlı Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda olublar.
Qonaqları İnstitutun baş direktoru, professor Nazim Müzəffərli (İmanov) qəbul edib.
Görüşdə prof. N.Müzəffərli qonaqlara İqtisadiyyat İnstitutunun əsas fəaliyyət istiqamətləri, həyata keçirilən fundamental və tətbiqi xarakterli elmi tədqiqatlar, dövlət qurumları ilə əməkdaşlıq, elmi layihələr və beynəlxalq əlaqələr barədə məlumat verib.
Özbəkistan və Türkiyədən olan tədqiqatçılar təmsil etdikləri ali təhsil və elmi müəssisələrin fəaliyyəti, Türk dünyası ilə bağlı həyata keçirilən layihələr, beynəlxalq elmi tədbirlər və gələcək əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüblər.
Görüş zamanı İqtisadiyyat İnstitutu ilə Türkiyə və Özbəkistanın müvafiq elmi-tədqiqat və ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, birgə elmi layihələrin hazırlanması, beynəlxalq tədbirlərin keçirilməsi, tədqiqatçı və ekspert mübadiləsinin təşkili imkanları müzakirə olunub.
Tərəflər Türk dünyası ölkələrinin iqtisadi inkişafı ilə bağlı birgə elmi tədqiqatların və layihələrin həyata keçirilməsinin elmi əməkdaşlığın inkişafına, qarşılıqlı təcrübə mübadiləsinə və qardaş ölkələrin iqtisadi əlaqələrinin daha da möhkəmləndirilməsinə töhfə verə biləcəyini vurğulayıblar.






