2026-cı il sentyabrın 16-da Bakıda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə Türk Dövlətləri Təşkilatının Katibliyinin birgə təşkilatçılığı ilə “Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı” keçirilib. Tədbir qlobal iqtisadi transformasiyalar fonunda Türk dövlətləri arasında inteqrasiyanın dərinləşdirilməsi, ortaq tədqiqat platformalarının yaradılması və institusional əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyıb.
Beynəlxalq konfransı çərçivəsində “TDT-yə üzv dövlətlər arasında ticarət və iqtisadi əlaqələrin qiymətləndirilməsi: mövcud trendlər və istifadə olunmamış imkanlar” mövzusunda panel müzakirələrində Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim Müzəffərli çıxış edib.
N.Müzəffərli Türk Dövlətləri Təşkilatının iqtisadi güc mərkəzinə çevrilməsi perspektivlərindən danışıb. O, üzv ölkələr arasında qarşılıqlı ticarətin artdığını, bununla belə, iqtisadi güc mərkəzinin formalaşmasının davam edən bir proses olduğunu vurğulayıb. Bildirib ki, bu prosesdə ticarətin həcmi ilə yanaşı, iqtisadi əlaqələrin dərinliyi də mühüm əhəmiyyət daşıyır.
Professor Azərbaycanın digər Türk dövlətləri ilə ticarətinin struktur baxımından bir-birini tamamlama səviyyəsinə dair təhlilini təqdim edib. İnteqrasiyanın real nəticələrinin müəssisələrin sərhədlərarası fəaliyyətindəki maneələrin azalması ilə qiymətləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Çıxışda birgə maliyyələşdirmənin və investisiya mexanizmlərinin iqtisadi əlaqələrin dərinləşdirilməsində rolu da qeyd olunub. Azərbaycanın tərəfdaş ölkələrlə yaratdığı investisiya və inkişaf fondlarının, eləcə də Türk İnvestisiya Fondunun bu istiqamətdə əhəmiyyəti vurğulanıb.






