Sentyabrın 15-də Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunda Türkiyədən olan tədqiqatçılardan ibarət nümayəndə heyəti ilə görüş keçirilib.
Türk Dünyası Yörük Türkmən Birliyinin (TDYTB) baş katibi Cemal Akkuş, Diplomatik və Strateji Araşdırmalar Mərkəzinin direktoru Mehmet Gökhan Özbukçu, Alternativ Araşdırmalar Mərkəzinin xarici siyasət direktoru Necmettin Özdemirin daxil olduğu nümayəndə heyətini ETN İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim Müzəffərli (İmanov) qəbul edib.
Görüşdə İqtisadiyyat İnstitutunun icraçı direktoru Famil Rüstəmov, şöbə müdirləri Allahyar Muradov, Rəsmiyyə Abdullayeva, Pərviz Həsənov və Mahir Zeynalov, eləcə də TDYTB-nin Beynəlxalq Münasibətlər Departamentinin sədri Ləman Əzizova iştirak ediblər.
Professor N.Müzəffərli qonaqlara İqtisadiyyat İnstitutunun fəaliyyət istiqamətləri, həyata keçirilən fundamental elmi tədqiqatlar, dövlət qurumları ilə əməkdaşlıq və elmi layihələr barədə məlumat verib.
Türkiyəli tədqiqatçılar təmsil etdikləri qurumların fəaliyyəti, Türk dünyası ilə bağlı həyata keçirilən layihələr və beynəlxalq elmi tədbirlər barədə fikirlərini bölüşüblər.
Görüşdə İqtisadiyyat İnstitutu ilə Türkiyənin müvafiq elmi və araşdırma qurumları arasında əməkdaşlığın genişləndirilməsi, birgə layihə və tədbirlərin keçirilməsi imkanları müzakirə olunub. Xüsusilə Türk dünyasının iqtisadiyyatının müxtəlif aspektlərinin araşdırılması, eləcə də Türk dünyasının tanınmış iqtisadçılarının elmi irsinin öyrənilməsi və təbliği istiqamətində birgə konqreslərin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.
Tərəflər elmi əməkdaşlığın inkişaf etdirilməsinin, birgə tədqiqat və tədbirlərin həyata keçirilməsinin Azərbaycan-Türkiyə elmi əlaqələrinin, eləcə də Türk dünyasında iqtisadi araşdırmaların daha da genişləndirilməsinə töhfə verəcəyini vurğulayıblar.






