Sentyabrın 26-da Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. Baş direktor, professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən toplantıda bir sıra məsələlər müzakirə olunmuşdur.
İclasın əvvəlində 27 sentyabr - Anım Günü münasibəti ilə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra İqtisadiyyat İnstitutunun baş meneceri Şakir Alıyev Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı", bu sahədə Elm və Təhsil Nazirliyı yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən, habelə ETN İqtisadiyyat İnstitutunda həyata keçirilən maarifləndirici xarakterli tədbirlər barədə məlumat verib.
İnstitutun elmi katibi, i.e.d., dosent Leyli Allahverdiyeva 2024-cü ildə İqtisadiyyat İnstitutunda yerinə yetirilən plan elmi-tədqiqat işləri haqqında məlumat verib. Bildirilib ki, şöbələr tərəfindən aparılan plan elmi-tədqiqat işlərinin illik hesabatları noyabrın 1-dək rəhbərliyə təqdim edilməlidr. Habelə şöbələrdə elmi əməkdaşların fərdi hesabatlarının dinlənilməsi tövsiyə olunur. Bununla yanaşı, elmi-tədqiqat işlərinin nəticələri əsasında elmi şöbələr və əməkdaşlar arasında elmi məqalə müsabiqəsinin keçirilməsi nəzərdə tutulur.
İclasda İqtisadi siyasətin nəzəri əsasları şöbəsinin baş elmi işçisi, iqtisad elmləri doktoru Seyfəddin Səməndərov müəllifi olduğu "İqtisadi təlimlər tarixi" adlı dərs vəsaitinin əsas məzmunu ilə bağlı təqdimatla çıxış edib. Müzakirələrdən sonra Elmi Şuranın qərarı ilə dərslik çapa tövsiyə edilib.
İclasda bir neçə doktorant və dissertantın elmi rəhbərlərinin dəyişdirilməsi məsələləri də müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.
Elmi Şurada Elmi katibin təqdimatı əsasında, gizli səsvermə yolu ilə İnstitutun Sənaye siyasəti və investisiya problemləri şöbəsinin aparıcı elmi işçisi, i.f.d. Şahin Sadıqova dosent elmi adının verilməsi haqqında qərar qəbul edilib (economics.org.az).






