Oktyabrın 13-də Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunda Gənc Alimlər və Mütəxəssislər Şurasının növbəti toplantısı keçirilib.
Şuranın sədri, iqtisad üzrə fəlsəfə doktoru Elnur Zeynalovun sədrliyi ilə keçirilən toplantıda Azərbaycanda makroiqtisadi proporsiyalar və onların tənzimlənməsi problemləri müzakirə olunub.
Tədbirdə Bakı Avrasiya Universitetinin doktorantı Aslan Əzimzadə “Azərbaycanda makroiqtisadi proporsiyalar və onların tənzimlənməsi problemləri” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə sənaye və kənd təsərrüfatı sektorlarına yönəldilən investisiyalarla həmin sahələr üzrə məhsul buraxılışı arasındakı nisbət, bank sektorunun iqtisadi mənfəəti ilə ölkə iqtisadiyyatında yaradılan əlavə dəyər arasındakı əlaqə, eləcə də iqtisadi fəaliyyət növləri üzrə ümumi daxili məhsulun (ÜDM) strukturundakı proporsiyalar təhlil olunub. Həmçinin ölkənin iqtisadi rayonları üzrə makroiqtisadi proporsiyaların xüsusiyyətləri araşdırılıb.
Tədqiqat çərçivəsində Azərbaycanın bank sektorunun iqtisadi effektivlik indeksi, iqtisadi rayonlarda sənaye məhsulu buraxılışının proporsionallıq əmsalları və kredit qoyuluşları üzrə proporsionallıq göstəriciləri nəzərdən keçirilib. Məruzəçi aparılan təhlillərin nəticələrini təqdim edərək makroiqtisadi proporsiyaların təkmilləşdirilməsi və iqtisadi inkişafın daha səmərəli təşkili ilə bağlı bir sıra təklif və tövsiyələrini səsləndirib.
Müzakirələrə qatılan İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim Müzəffərli tədqiqat mövzusunun aktuallığını vurğulayıb. O, araşdırmanın daha da dərinləşdirilməsi, müqayisəli təhlillərin genişləndirilməsi və əldə olunan elmi nəticələrin praktik fəaliyyətə tətbiqi istiqamətində tövsiyələrini verib.
Toplantının sonunda iştirakçıların sualları cavablandırılıb, məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb.






