İyunun 13-də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına işgüzar səfər çərçivəsində Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin bir qrup əməkdaşı - Mərkəzin rəhbəri i.f.d., dos. Azər Səfərov, aparıcı elmi işçilər i.f.d., dosent Təbriz Yadigarov, i.f.d., dos. Rəhimə Nurəliyevə, kiçik elmi işçilər Elmir Mehdiyev və Cavanşir Burhanzadə Ağdam rayonunda olublar.
Tədqiqatçılar Ağdam Sənaye Parkının inzibatçı rəhbəri Emil Vəliyevlə görüşüblər.
Görüş zamanı E.Vəliyev sənaye parkının layihəsi, rezidentləri, indiyə qədər görülmüş işlər və yaxın perspektivdə planlaşdırılan işlərlə bağlı tədqiqatçılara məlumat verib. Ağdamda innovativ layihələrin reallaşdırılmasının zəruriliyini vurğulayan dos. Azər Səfərov Ağdam Sənaye Parkına belə layihələrin cəlb edilməsi istiqamətində İqtisadiyyat İnstitutunun, o cümlədən, Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin əhəmiyyətli rol oynaya biləcəyini vurğulayıb. Daha sonra tədqiqatçılar sənaye parkında fəaliyyət göstərən müəssisələrlə tanış olublar (economics.org.az).






