25 noyabr, AZƏRTAC
Azərbaycanda kənd təsərrüfatı torpaqlarından istifadənin səmərəliliyi bölgələr üzrə fərqlənir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin sonunda ölkədə 4 milyon 774 min hektar kənd təsərrüfatına yararlı torpaq olub. Bu, ölkə ərazisinin 55,1 faizidir. Həmin torpaqların təxminən 2,4 milyon hektarını biçənəklər və örüş-otlaqlar təşkil edir, bu sahələrin heyvandarlıq üçün öz iqtisadi rolu var. Əkinə yararlı olduğu halda uzun müddət istifadə edilməyən torpaqların miqyasını müəyyənləşdirmək üçün sahələrin təyinatı, faktiki istifadəsi və vəziyyəti rayonlar üzrə ayrıca qiymətləndirilməlidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “Aqrar sektorun iqtisadi problemləri” şöbəsinin müdiri, iqtisad elmləri doktoru Yunus Sadıqov deyib.
O bildirib ki, əkin sahələrinin yenidən istifadəyə verilməsində əsas maneələrdən biri suvarma suyunun vaxtında və yetərli həcmdə çatdırılmasıdır.
“Fermer mövsüm ərzində su ala biləcəyinə əmin deyilsə, toxuma, gübrəyə və texnikaya vəsait qoymaqdan çəkinir. Son illərdə çaylarda su səviyyəsinin aşağı düşməsi bu problemi daha da kəskinləşdirir. Ona görə yalnız yeni şəbəkə qurmaq kifayət etmir. Damcı və yağış üsulu kimi qənaətli suvarmaya, suya az tələbatı olan bitkilərə keçid də həllin bir hissəsi olmalıdır. Şoranlaşmış və ya drenajı zəif olan sahələrdə isə əkinə başlamazdan əvvəl torpağın bərpasına əlavə vəsait tələb olunur. Buna görə eyni subsidiya suvarma imkanı olan sahədə əkinə başlamağa kömək edə bilər, ciddi bərpa tələb edən sahədə isə ilkin xərcləri qarşılamağa çatmaya bilər.
Digər maneə torpaq sahələrinin xırda və bir-birindən aralı olmasıdır. Belə sahələrdə texnika və suvarma xərcləri hər hektara görə arta bilər. Bunun üzərinə kreditə çıxışın məhdudluğu, məhsulun saxlanması və alıcıya çatdırılması xərcləri gəlir. Fermer məhsulu hansı qiymətə və kimə satacağını əvvəlcədən bilmirsə, əkinə başlamaq onun üçün daha riskli qərara çevrilir. Bu riski azaltmağın yollarından biri aqrar sığortanın genişləndirilməsi, digəri emal müəssisələri ilə mövsümdən əvvəl bağlanan müqaviləli əkindir”,- deyə o qeyd edib.
Y.Sadıqov diqqətə çatdırıb ki, az danışılan, amma mühüm bir səbəb də var: “Bəzi hallarda torpaq ona görə əkilmir ki, sahibi artıq kənddə yaşamır. Torpaq islahatı zamanı pay alan ailələrin bir hissəsi şəhərə və ya xaricə köçüb. Torpaq onların adınadır, amma özləri becərmir, etibarsızlıq və ya icarə haqqının azlığı səbəbindən rəsmi icarəyə də vermirlər. Vərəsəlik zamanı pay bir neçə nəfər arasında bölünür, sənədlər çox vaxt yenilənmir və sahə “sahibli, amma yiyəsiz” qalır. Gənclərin kənddən getməsi isə bəzi yerlərdə torpağı becərəcək işçi qüvvəsini də azaldır. Bu, subsidiya ilə tək başına həll olunmayan sosial məsələdir. Torpağı becərmədən saxlamaq sahibinə demək olar ki, heç bir xərc yaratmırsa, onu istifadəyə verməyə stimul da zəif olur. Burada məqsəd xırda pay sahiblərini cəzalandırmaq deyil, onları torpağı etibarlı şəkildə icarəyə verməyə həvəsləndirmək olmalıdır.
Məncə, ilk addım uzun müddət əkilməyən sahələri rayonlar üzrə müəyyənləşdirmək və hər sahənin niyə istifadəsiz qaldığını araşdırmaqdır. Bunun üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemindəki (EKTİS) məlumatlardan və peyk müşahidəsindən istifadə etmək olar. Su çatışmayan yerdə suvarma şəbəkəsi və qənaətli suvarma, şoranlaşmış sahədə drenaj və torpağın bərpası daha uyğun həll ola bilər. Xırda sahələrin üstünlük təşkil etdiyi ərazilərdə könüllü kooperasiya, birgə texnika xidməti və uzunmüddətli icarə, sahibləri kənddə yaşamayan torpaqlar üçün isə sadələşdirilmiş vərəsəlik qeydiyyatı və etibarlı icarə mexanizmi önə çıxmalıdır. 2026–2030-cu illər üzrə Dövlət Proqramında torpaq analizlərinin təkmilləşdirilməsi, əkin sahələrinin xəritələşdirilməsi və seçilmiş rayonlarda torpaq sahələrinin birləşdirilməsi ilə suvarma şəbəkəsinin qurulmasını əlaqələndirən pilot model nəzərdə tutulur. Bu tədbirlərin nəticəsini qiymətləndirərkən yalnız əkinə qaytarılan hektarlara baxmaq kifayət deyil. İcarəyə verilən sahələrin payını da, həmin sahələrin sonrakı mövsümlərdə becərilib-becərilmədiyini və fermerə gəlir gətirib-gətirmədiyini də izləmək lazımdır”.






