Noyabrın 25-də Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunda Gənc Alimlər və Mütəxəssislər Şurasının növbəti toplantısı keçirilib.
Şuranın sədri, iqtisad üzrə fəlsəfə doktoru Elnur Zeynalovun sədrliyi ilə baş tutan iclasda Azərbaycanda gəlir bərabərsizliyinin mövcud vəziyyəti, onun qiymətləndirilməsinin metodoloji əsasları və azaldılması istiqamətləri müzakirə olunub.
Tədbirdə İqtisadiyyat İnstitutunun doktorantı Ceyhun Məmmədli “Azərbaycanda gəlir bərabərsizliyinin ölçülməsi və azaldılması yolları” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi apardığı tədqiqatlar əsasında gəlirlərin əhalinin rifahına çevrilməsi mexanizmləri, istehlak və yığım arasındakı qarşılıqlı əlaqə, Azərbaycanda əhalinin gəlirlərinin formalaşması xüsusiyyətləri və ona təsir göstərən başlıca sosial-iqtisadi amillər barədə danışıb. Təqdimatda gəlir bərabərsizliyinin ölçülməsində beynəlxalq təcrübədə geniş istifadə olunan metodoloji yanaşmalara xüsusi diqqət yetirilib. Cini əmsalı, Teyl (Theil) və Atkinson indeksləri əsasında aparılmış qiymətləndirmələr, Azərbaycanda gəlir bərabərsizliyinin mövcud vəziyyəti ilə bağlı elmi araşdırmanın nəticələri təqdim olunub. Əhalinin gəlirləri və xərcləri üzrə beynəlxalq müqayisəli təhlillər aparılıb.
C.Məmmədli məruzəsində Azərbaycanda mövcud sosial müdafiə mexanizmlərinin gəlir bərabərsizliyinin azaldılmasındakı roluna, sahibkarlığın inkişafının məşğulluğa və əhalinin rifah səviyyəsinə real təsirlərinə də toxunub. Ölkədə orta təbəqənin formalaşması və genişlənməsi məsələləri tədqiq edilib, gəlir bərabərsizliyinin azaldılması istiqamətində təkliflər irəli sürülüb. Gəlir bölgüsünün sosial-iqtisadi inkişaf baxımından əhəmiyyəti, əhalinin rifah səviyyəsinin yüksəldilməsi, məşğulluq imkanlarının genişləndirilməsi və sosial müdafiə mexanizmlərinin rolu ilə bağlı məsələlər diqqət mərkəzində olub.
Məruzədən sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb, tədqiqatın metodoloji yanaşmaları, əldə olunan nəticələr və irəli sürülən təkliflər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Toplantı gəlir bərabərsizliyi problemlərinin elmi müstəvidə müzakirəsi, bu istiqamətdə aparılan tədqiqatların dərinləşdirilməsi və gənc tədqiqatçılar arasında elmi fikir mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyətli olub.






