Noyabrın 6-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda Azərbaycan iqtisad elminin görkəmli nümayəndələri – Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Əli Nuriyev və Əməkdar iqtisadçı, iqtisad elmləri doktoru, professor Tofiq Hüseynovun şərəfinə vida tədbiri keçirilib.
Ömürlərinin altmış ildən artıq dövrünü Azərbaycan iqtisad elminin inkişafına, elmi-tədqiqat və dövlətçilik fəaliyyətinə həsr etmiş hər iki görkəmli alim öz xahişləri ilə İqtisadiyyat İnstitutunda tutduqları vəzifələrdən ayrılıblar. Professor Əli Nuriyev İnstitutda baş elmi işçi, professor Tofiq Hüseynov isə “Sənaye siyasəti və investisiya problemləri” şöbəsinin müdiri vəzifəsində çalışıb.
İnstitutun rəhbərliyinin və əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə alimlərin çoxillik səmərəli fəaliyyəti, Azərbaycan iqtisad elminin inkişafına verdikləri mühüm töhfələr, zəngin elmi irsi və yüksək peşəkarlıq keyfiyyətləri barədə danışılıb.
Tədbirdə çıxış edən İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim Müzəffərli (İmanov) hər iki görkəmli alimin Azərbaycan iqtisad elminin inkişafında, iqtisadi tədqiqatların genişləndirilməsində və elmi məktəblərin formalaşmasında mühüm xidmətlərini xüsusi vurğulayıb.
Baş direktor bildirib ki, professor Əli Nuriyev və professor Tofiq Hüseynov uzun illər ərzində məhsuldar elmi fəaliyyətləri, fundamental tədqiqatları, zəngin bilik və təcrübələri ilə Azərbaycan iqtisad elminin inkişafına dəyərli töhfələr veriblər. Onların elmi irsi, tədqiqatlarının nəticələri və yetişdirdikləri elmi kadrlar gələcək nəsillər üçün mühüm əhəmiyyət daşıyır.
N.Müzəffərli qeyd edib ki, hər iki alim yalnız yüksək elmi nailiyyətləri ilə deyil, həm də peşəkarlıqları, məsuliyyətli fəaliyyətləri, prinsipial mövqeləri və ziyalı keyfiyyətləri ilə həmkarlarının dərin hörmət və ehtiramını qazanıblar. Onların adları İqtisadiyyat İnstitutunun tarixi, elmi ənənələri və kollektivinin yaddaşı ilə sıx bağlıdır.
Professor Əli Nuriyevin Azərbaycan iqtisad elminin inkişafındakı xidmətlərindən danışan baş direktor bildirib ki, görkəmli alim 1964-cü ildə İqtisadiyyat İnstitutunda başladığı elmi fəaliyyətini müxtəlif vəzifələrdə, o cümlədən şöbə müdiri və baş elmi işçi kimi davam etdirib. Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında elmi-tədqiqat və pedaqoji fəaliyyəti ilə iqtisadçı və idarəetmə kadrlarının hazırlanmasında yaxından iştirak edib.
Qeyd olunub ki, professor Ə.Nuriyevin regional siyasət və idarəetmə, məhsuldar qüvvələrin ərazi üzrə yerləşdirilməsi, iqtisadi rayonlaşdırma və iqtisadi inkişafın konseptual əsaslarına həsr olunmuş fundamental tədqiqatları Azərbaycan iqtisad elminin mühüm nailiyyətləri sırasındadır.
Alimin müəllifi olduğu “Regional siyasət və idarəetmə”, “Azərbaycanda iqtisadi inkişaf və modernləşmə siyasətinin konseptual əsasları” və digər elmi əsərlər regional iqtisadiyyatın və dövlət idarəetməsinin nəzəri-metodoloji əsaslarının öyrənilməsində dəyərli elmi mənbələr hesab olunur. Onun ölkənin inzibati-ərazi bölgüsünün təkmilləşdirilməsinə dair elmi təkliflərinin praktikada nəzərə alınması tədqiqatlarının tətbiqi əhəmiyyətini də nümayiş etdirir.
Professor Əli Nuriyevin elmi-pedaqoji fəaliyyətinə də xüsusi diqqət yetirilib. Bildirilib ki, onun elmi rəhbərliyi ilə 30-a yaxın fəlsəfə və elmlər doktoru hazırlanıb. Alimin dissertasiya şuralarının və elmi nəşrlərin fəaliyyətində iştirakı, gənc tədqiqatçıların yetişdirilməsinə göstərdiyi diqqət Azərbaycan iqtisad elminin kadr potensialının gücləndirilməsinə mühüm töhfədir.
Professor Tofiq Hüseynovun çoxillik elmi və dövlətçilik fəaliyyətindən bəhs edən N.Müzəffərli qeyd edib ki, görkəmli iqtisadçı alim ömrünün altmış ildən artıq dövrünü iqtisadi tədqiqatlara, ölkənin iqtisadi inkişaf problemlərinin araşdırılmasına və dövlət idarəetmə sistemində məsul vəzifələrin yerinə yetirilməsinə həsr edib.
T.Hüseynov 1967–1980-ci illərdə Azərbaycan Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda müxtəlif rəhbər vəzifələrdə, o cümlədən elmi işlər üzrə direktor müavini və institutun direktoru vəzifəsinin icraçısı kimi fəaliyyət göstərib. Sonrakı illərdə Dövlət Plan Komitəsində və Dövlət Əmlak Komitəsində məsul vəzifələrdə çalışaraq ölkənin iqtisadi idarəetmə sistemində zəngin təcrübə qazanıb.
2000-ci ildən etibarən İqtisadiyyat İnstitutunun “Sənaye siyasəti və investisiya problemləri” şöbəsinə rəhbərlik edən professor T.Hüseynov sənaye və investisiya siyasətinin, iqtisadi inkişafın dövlət tənzimlənməsi mexanizmlərinin, milli iqtisadi inkişaf modelinin və sənayeləşmə perspektivlərinin tədqiqinə mühüm töhfələr verib.
Onun çoxsaylı elmi əsərləri və monoqrafiyaları Azərbaycan iqtisadiyyatının aktual problemlərinin elmi əsaslarla araşdırılmasında əhəmiyyətli yer tutur. Alimin müxtəlif elmi və iqtisadi ekspertizaların aparılmasında iştirakı, mürəkkəb iqtisadi məsələlərin obyektiv və hərtərəfli qiymətləndirilməsinə verdiyi töhfələr də yüksək qiymətləndirilib.
Vurğulanıb ki, professor Tofiq Hüseynovun Azərbaycan Respublikasının Əməkdar iqtisadçısı fəxri adına və “Tərəqqi” medalına layiq görülməsi onun ölkə qarşısındakı xidmətlərinin dövlət səviyyəsində yüksək qiymətləndirilməsinin ifadəsidir.
Daha sonra professor N.Müzəffərli İqtisadiyyat İnstitutunun kollektivi adından hər iki görkəmli alimə Azərbaycan iqtisad elminin inkişafına verdikləri dəyərli töhfələrə, uzunmüddətli səmərəli elmi fəaliyyətlərinə və İnstitut qarşısındakı xidmətlərinə görə xüsusi diplom – “Təşəkkürnamə” təqdim edib.
Tədbirdə çıxış edən professorlar Əli Nuriyev və Tofiq Hüseynov uzun illər çalışdıqları İqtisadiyyat İnstitutunun rəhbərliyinə və kollektivinə göstərilən diqqət və qayğıya, səmimi münasibətə, elmi fəaliyyətlərinə verilən yüksək qiymətə görə təşəkkürlərini bildiriblər. İnstitutun kollektivinə gələcək elmi-tədqiqat fəaliyyətində yeni nailiyyətlər və uğurlar arzulayıblar.
Sonda hər iki görkəmli iqtisadçı alim İnstitutun rəhbərliyi və əməkdaşları tərəfindən böyük hörmət və ehtiramla, sürəkli alqışlarla, təntənəli şəkildə yola salınıblar.






