30-31 oktyabr 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetinin ev sahibliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransı (NASCO29) keçirilib.
Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun elmi işçisi Fəxrəddin Babazadə, İnstitutun doktoranrları Nurlan Səfərzadə, Pərviz Salmanov, Şəlalə Əzizova, Ülvü Noruzov tədbirə əyani olaraq qatılmaqla elmi tədqiqatlarının nəticələrini təqdim ediblər. Ümumilikdə konfransda İqtisadiyyat İnstitutunu 15 gənc tədqiqatçı təmsil edib.
Heydər Əliyev Sarayında baş tutan açılış mərasimində Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müavini İdris İsayev çıxışında konfransın gənc tədqiqatçılar üçün elmi yeniliklərin müzakirəsi, yeni elmi əlaqələrin qurulması baxımından əhəmiyyətini vurğulayıb. İdris İsayev Prezident İlham Əliyev tərəfindən elm, təhsil və innovasiyanın ölkəmizdə inkişafın əsas istiqamətlərindən biri kimi müəyyənləşdirildiyini bildirib. Konfransda təqdim olunan elmi yeniliklərin Azərbaycan elminin inkişafına müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində elmin inkişafının xüsusi yer tutduğunu bildirib, ölkəmizin sosial-iqtisadi inkişafında və rifahın təmin olunmasında elmin mühüm rolunu qeyd edib.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək universitetin NASCO29-a ev sahibliyi etməsindən məmnunluğunu ifadə edib, konfransın ölkədə elmi potensialın bir araya gətirildiyi ən geniş platformalardan biri olduğunu bildirib. Tədbirin elmtutumlu iqtisadiyyatın inkişafına və ölkə rəhbərliyinin bu istiqamətdə həyata keçirdiyi siyasətə töhfə verdiyini diqqətə çatdırıb. NASCO29-un indiyədək ölkə üzrə keçirilmiş ən genişmiqyaslı elmi konfrans olduğunu vurğulayan rektor konfransın ümumi iştirakçı sayının dinləyicilərlə birlikdə 5000 nəfəri ötəcəyini qeyd edib. Bildirilib ki, konfransa 123 elm və təhsil müəssisəsindən 1627 elmi iş təqdim olunub, elmi və texniki komitələrin qiymətləndirməsindən sonra 1382 doktorant, dissertant və gənc tədqiqatçı tərəfindən yazılmış 1028 elmi iş qəbul edilib.
Qeyd edək ki, hibrid (onlayn və əyani) formatda təşkil olunan konfrans 2 gün ərzində 21 zalda, 104 bölmə üzrə keçirilib.






