Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Jalə Əliyeva 28–29 oktyabr 2026-cı il tarixlərində Böyük Britaniyanın London School of Management Education (LSME) təşkilatının keçirdiyi 13-cü Beynəlxalq Elmi Tədqiqat Konfransında iştirak edib.
Onlayn formatda təşkil olunan konfrans “AI and Quality Education” (“Süni intellekt və keyfiyyətli təhsil”) mövzusuna həsr edilib.
Jalə Əliyeva beynəlxalq elmi tədbirdə “Azərbaycanda ali təhsilin inkişafında süni intellektin rolu” (The Role of Artificial Intelligence in Enhancing Higher Education in Azerbaijan) mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə Azərbaycanda ali təhsil sisteminin inkişafında süni intellekt texnologiyalarının rolu, onların tədris prosesinə inteqrasiyası imkanları, təhsilin keyfiyyətinin yüksəldilməsi və innovativ tədris metodlarının tətbiqi məsələləri diqqətə çatdırılıb.
Bununla yanaşı, süni intellektin ali təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsində yaratdığı imkanlar, bu sahədə mövcud çağırışlar və yeni texnologiyalardan səmərəli istifadənin əhəmiyyəti barədə fikirlər səsləndirilib.






