Plan elmi-tədqiqat işlərinin yekunları ilə bağlı müsabiqə keçiriləcək. Müsabiqədə iştirak etmək istəyən şöbələr və əməkdaşlar müvafiq materialları 10 noyabr 2026-cı il saat 18:00-dək yalnız elektron formada, öz korporativ elektron poçt ünvanlarından icraçı direktor köməkçisi Aytac Kərimovanın (aytac.karimova@economics.edu.az) elektron poçt ünvanına göndərməlidirlər. Müsabiqə nəticələrinə əsasən qaliblərə müvafiq formada mükafatlar təqdim ediləcəkdir.
Müsabiqəyə təqdim olunan işlər aşağıdakı meyarlar əsasında qiymətləndiriləcəkdir:
- Problemin qoyuluşu
- Metodologiya və tədqiqat üsulları
- Beynəlxalq təcrübənin öyrənilməsi səviyyəsi
- Nəticələrin əsaslandırılması və yeniliyi
- Nəticələrin praktiki əhəmiyyəti
Müsabiqə işlərinin strukturunu tərtib edərkən yuxarıdakı tələbləri nəzərə almağınızı xahiş edirik.
Müsabiqə işlərinin həcminə və tərtibinə qoyulan tələblər:
Şöbələrin təqdim etdiyi hesabatların həcmi 24–40 səhifə aralığında olması tövsiyə olunur.
Fərdi əməkdaşların təqdim etdiyi işlərin həcmi 16-24 səhifə aralığında olması tövsiyə olunur.
- Şrift – Times New Roman
- Şrift ölçüsü – 12 pt
- Sətirarası interval – 1,5
Şöbələrin təqdim edəcəyi hesabatların aşağıdakı strukturda hazırlanması tövsiyə olunur:
- Elmi-tədqiqat plan işlərinin yerinə yetirilməsi haqqında ümumi məlumat və alınmış mühüm nəticələr;
- Şöbədən tətbiq üçün göndərilmiş və tətbiq olunmuş işlər haqqında məlumat;
- Universitetlərdə dərs deyən şöbə əməkdaşları haqqında məlumat;
- Nəşriyyat fəaliyyəti, elmi məqalələr, o cümlədən xaricdə və impakt faktorlu jurnallarda çap olunmuş məqalələr, elmi işçilərin əsərlərinə olan istinadlar haqqında məlumat;
- Beynəlxalq və respublika səviyyəli konfranslarda çıxış və iştirak edənlərin sayı haqqında məlumat;
- Şöbədə hazırlanmış və ilkin müzakirədən keçmiş doktorant və dissertantlar haqqında məlumat (2026-cı ildə);
- Şöbənin fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı təklif və tövsiyələr.






