Qaliblər arasında İqtisadiyyat İnstitutunun şöbə müdiri, “AMEA-nın Xəbərləri İqtisadiyyat seriyası” elmi jurnalının baş redaktorunun müavini Yaşar Məmmədov da yer alıb
2026-cı ildə Azərbaycan Auditorlar Palatasının yaradılmasının 30 ili tamam olur. Bu münasibətlə Palata tərəfindən yubiley ili çərçivəsində silsilə tədbirlər keçirilir. Auditorlar Palatasının ölkədə audit sahəsinin inkişafına verdiyi töhfələr sırasında mətbuatla əməkdaşlıq və ictimai maarifləndirmə istiqamətində həyata keçirilən tədbirlər də xüsusi yer tutur. Qurum tərəfindən audit sahəsinin cəmiyyətdə tanıdılması və bu istiqamətdə maarifləndirici materialların hazırlanmasının təşviqi məqsədilə müxtəlif müsabiqələr təşkil olunur. Bu baxımdan Palatanın fəaliyyətə başlamasının 30 illik yubileyi münasibətilə jurnalistlər arasında “Auditin inkişaf mərhələləri; uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol” mövzusunda fərdi yazı müsabiqəsinin keçirilməsi də mühüm təşəbbüslərdən biridir. Müsabiqə ölkədə auditin inkişafına verilən töhfələrin mediada işıqlandırılmasına, jurnalistlərin bu sahəyə marağının artırılmasına və peşəkar yazıların təşviqinə xidmət edir.
Müsabiqənin məqsədi Prezident İlham Əliyevin Azərbaycan auditi qarşısında proqram xarakterli göstərişlərini rəhbər tutaraq, ölkəmizdə auditor xidməti bazarında şəffaflığın artırılması, kölgə iqtisadiyyatının azaldılması, hesabatlılığın təkmilləşdirilməsi, haqsız rəqabətin və dempinq hallarının aradan qaldırılması, ictimai etimadın gücləndirilməsi və auditdə rəqəmsallaşma və süni intellektin tətbiqi istiqamətində yeni dövrün çağırışlarına uyğun innovativ yeniliklərin tətbiqi ilə audit xidmətlərinin keyfiyyətinin yüksəldilməsində, bu xidmətlərin sahibkarlara beynəlxalq standartlar əsasında tam şəffaf və operativ, vətəndaş rahatlığı və məmnunluğu prinsipi ilə təşkilində mühüm üstünlükləri barədə geniş ictimai məlumatlandırmada peşəkar jurnalist əməyinin stimullaşdırılmasıdır. Palatanın keçirdiyi jurnalist müsabiqələri audit mövzusunun mediada daha geniş və peşəkar şəkildə təqdim olunmasına imkan yaradır. Bu cür təşəbbüslər həm jurnalistlərin audit sahəsində biliklərinin artırılmasına, həm də cəmiyyətin audit institutunun əhəmiyyəti barədə məlumatlandırılmasına mühüm töhfə verir.
Bu yaxınlarda müsabiqənin qalibləri elan olunub. Auditorlar Palatasının İctimaiyyətlə əlaqə və informasiya şöbəsinin müdiri Məhluqə Hüseynova müsabiqənin qaliblərini təqdim edib. Müsabiqənin qalibləri arasında Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “Monetar və fiskal tənzimləmə problemləri” şöbəsinin müdiri, “AMEA-nın Xəbərləri İqtisadiyyat seriyası” elmi jurnalının baş redaktorunun müavini, iqtisad elmləri doktoru Yaşar Məmmədov da yer alıb.
Qaliblər Auditorlar Palatasının xüsusi diplomu və pul mükafatları ilə təltif olunublar.






