Fevralın 26-da Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və Vətən uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən iclasda AMEA-nın müxbir üzvü, prof. Şahbaz Muradov, aparıcı elmi işçi Tanrıverdi Paşa və digər çıxış edənlər Xocalı soyqırımının tariximizdə ən dəhşətli faciə olduğunu, dinc və silahsız insanların məqsədli şəkildə xüsusi amansızlıqla qətlə yetirildiyini bildiriblər.
Qeyd olunub ki, 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca qəddarcasına öldürülüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Həmin gecə 1275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi məlum deyil. Ona görə də Xocalı faciəsi bəşəriyyətin ən dəhşətli soyqırımlarından biri kimi qiymətləndirilməlidir. Tarixən ermənilərin xalqımızın başına gətirdikləri faciələr, zaman-zaman tarixi torpaqlarımızı işğal etmələri heç vaxt unudulmamalı, ondan nəticə çıxarılmalıdır.
Xocalı qurbanlarının, bütün şəhidlərimizin qisası alınıb, işğal altındakı torpaqlarımız azad olunub, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edilib. Bu gün Qarabağ yenidən dirçəldilir, iqtisadiyyat, sosial həyat yenidən qurulur, məskunlaşma aparılır, insanlar dinc şəraitdə yaşayırlar. Hazırda Xocalı şəhəri və rayonun 7 kəndi yenidən qurulur və infrastruktur layihələri çərçivəsində yollar, enerji və kommunal sistemlər modernləşdirilir. Xocalı rayonunda artıq 4 mindən çox sakin məskunlaşıb. Biz öz dədə-baba torpaqlarımızda, o cümlədən Xocalıda əbədi yaşayacağıq (economics.org.az).






