Noyabrın 6-da Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan İqtisadiyyat İnstitutunun Həmkarlar Təşkilatının sədri, dosent Pərviz Həsənov qeyd edib ki, Zəfər Günü Azərbaycan tarixinin ən şərəfli günlərindən biridir, xalqımızın 30 illik mübarizəsinin böyük qələbə ilə nəticələnən uğurudur. İşğal altındakı bütün torpaqlarımızın azad olunması, torpaqlarımızın bütövləşməsi, bu gün Qarabağda bayrağımızın dalğalanması kimi qürurlu günlər başda Müzəffər Ali Baş Komandan olmaqla Azərbaycan xalqının zəfəridir.
Çıxış edənlər – Bəhruz İsmayılov, Aysel Aşırlı, Nüsrət İbrahimov, Aynur Nəbizadə, Dilman Əsədov, Tanrıverdi Paşa, Sevda Mikayılova, Mətanət Abdalova digərləri Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Ordumuzun gücü ilə 44 günlük Vətən müharibəsi ilə torpaqlarımızın işğaldan azad olunmasından, qazandığımız böyük qələbənin hərbi, siyasi, sosial-iqtisadi və tarixi əhəmiyyətindən danışıblar. Qarabağın işğaldan azad olunmasını, ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunmasını böyük tarixi qələbə kimi qiymətləndiriblər. Bu işdə əməyi olan hər kəsə minnətdarlıqlarını ifadə ediblər, əsgərlərimizin qəhrəmanlıqlarını, tezliklə Qarabağın yenidən cənnət bir məkana çevriləcəyini vurğulayıblar. Qeyd olunub ki, biz bu zəfər günlərinin dəyərini, qiymətini bilməliyik. Xüsusən də övladlarımızı vətənpərvərlik ruhunda böyütməliyik. Qarabağda hazırda böyük quruculuq işləri həyata keçirilir, əhali məskunlaşdırılır, yeni iqtisadiyyat qurulur. Bu prosesə ölkənin iqtisadçı alimləri də öz töhfələrini verməkdə davam etməlidirlər (economics.org.az).






