Sentyabrın 24-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. Baş direktor, professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən toplantıda bir sıra məsələlər müzakirə edilmişdir.
Prof. N.Müzəffərli İqtisadiyyat İnstitutunun əməkdaşlarını, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) qərarı ilə, Rəsmiyyə Abdullayevanı “Professor” elmi adı, Yunus Sadıqovu iqtisad elmləri doktoru, Aytən Əbdürrahmanovanı isə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alması münasibəti ilə təbrik edib.
Təhsil şöbəsinin müdiri Ellada Xankişiyeva bu il İqtisadiyyat İnstitutunun fəlsəfə doktoru proqramı üzrə doktoranturasına qəbulun nəticələri barədə məlumat verib. Bildirib ki, 14 plan yerinə qarşı imtahanların son mərhələsində 22 nəfər iddiaçı iştirak edib və 14 nəfər qəbul olub. Yeni qəbul olmuş doktorantlar Elmi Şuranın iclasında iştirak ediblər.
Elmi katib, i.e.d., dosent Leyli Allahverdiyeva 2025-ci ilin ikinci yarımilliyində İnstitutun elmi və təşkilati fəaliyyəti, həyata keçirilmiş və nəzərdə tutulan tədbirlər, elmi tədqiqat plan işi üzrə elmi şöbələrdə yerinə yetirilən tədqiqat mövzuları haqqında geniş məlumat verib. Bildirib ki, İnstitutun plan elmi tədqiqat mövzusu “Orta və uzunmüddətli dövrdə Azərbaycanda sosial-iqtisadi inkişafın milli prioritetlərinin reallaşdırılması istiqamətləri”dir. Bu ilin oktyabr ayında şöbələrdə hər bir elmi əməkdaşın tədqiqat mövzusu üzrə hesabatı dinləniləcək. Şöbələrdə aparılan elmi tədqiqatların yekun nəticəsi olaraq 10-a yaxın monoqrfiyanın çapı nəzərdə tutulur. Elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi və bunun üçün əməkdaşların əlavə stimullaşdırılması məqsədi ilə Vətən Müharibəsində qazandığımız şanlı qələbənin 5 illiyinə həsr olunmuş, 2025-cİ ildə İnstitutda yerinə yetirilən plan elmi-tədqiqat işlərinin müsabiqəsi keçiriləcək. Müsabiqəyə qatılmaq istəyən elmi əməkdaşlar məqalələrini noyabrın 1-dək təqdim etməlidirlər.
Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri, dosent Azər Səfərov Müdafiə Şurasının işinin təkmilləşdirilməsi ilə bağlı təqdimatla çıxış edib. Dünyada elmi inkişafın başlıca xüsusiyyətləri, elmdə rəqəmsallaşma, Azərbaycan dövlətinin elm siyasəti barədə danışıb. Ölkəmizdə iqtisadi mövzularda yazılan dissertasiya işlərinin mövzularının aktuallığı, elmi yeniliyi və müasir çağırışlara cavab verməsi problemləri, müzakirələrin təşkili, dissertasiyaların keyfiyyətinə olan tələblər, disertasiyalarda və avtoreferatlarda rast gəlinən nöqsanlar, Müdafiə Şuralarında müzakirələr, müdafiəyə hazırlaşan tədqiqatçıların hazırlıq səviyyəsi kimi aktual məsələlərə toxunub, öz mülahizələrini bildirib. Sonra mövzu ətrafında geniş müzakirələr aparılıb, təklif və tövsiyələr səsləndirilib (economics.org.az).






