Noyabrın 7-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Zəfər Günü münasibətilə əməkdaşları təbrik edən İnstitutun baş direktoru, professor Nazim Müzəffərli (İmanov) Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Ordumuzun gücü ilə 44 günlük Vətən müharibəsi ilə torpaqlarımızın işğaldan azad olunmasından, qazandığımız böyük Qələbənin tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, Zəfər Günü Azərbaycan tarixinin ən şərəfli günlərindən biridir. Millətimizin 30 illik mübarizəsinin böyük qələbə ilə nəticələnən uğurudur. İşğal altındakı bütün torpaqlarımızın azad olunması, torpaqlarımızın bütövləşməsi, bu gün Şuşada, Xankəndində bayrağımızın dalğalanması kimi qürurlu günlər başda Müzəffər Ali Baş Komandan olmaqla Azərbaycan xalqının zəfəridir.
Çıxış edənlər – Tərbiz Əliyev, Tanrıverdi Paşa, Gülnar Səmədova, Mətanət Abdalova, Sevda Mikayılova, gənc tədqiqatçılar və digərləri Qarabağın işğaldan azad olunmasını, ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunmasını böyük tarixi qələbə kimi qiymətləndiriblər. Bu işdə əməyi olan hər kəsə minnətdarlıqlarını ifadə ediblər, əsgərlərimizin qəhrəmanlıqlarını, tezliklə Qarabağın yenidən cənnət bir məkana çevriləcəyini vurğulayıblar.
Qeyd olunub ki, biz bu zəfər günlərinin dəyərini, qiymətini bilməliyik. Xüsusən də övladlarımızı vətənpərvərlik ruhunda böyütməliyik. Qarabağda hazırda böyük quruculuq işləri həyata keçirilir, əhali məskunlaşdırılır, yeni iqtisadiyyat qururlur. Bu prosesə ölkənin iqtisadçı alimləri də öz töhfələrini verməkdə davam etməlidirlər. İqtisadiyyat İnstitutu işğaldan azad olunmuş ərazilərin yenidən qurulması prosesinə elmi dəstək verilməsinə çox fəal şəkildə qoşulub, elmi tədbirlər təşkil olunur, tədqiqatlar aparılır, müxtəlif layihələr həyata keçirilir, dövlət sifarişləri yerinə yetirilir və s.
Tədbirdə bizə Zəfər Günü kimi xoşbəxtliyi bəxş edən, torpaqlarımızı işğaldan azad etmiş qəhrəman əsgərlərimizin, şəhidlərimizin əziz xatirəsi yad edilib.
Qeyd edək ki, 8 Noyabr - Zəfər Günü münasibəti ilə İqtisadiyyat İnstitutunun bütün əməkdaşlarına pul mükafatı və bayram sovqatı verilib (economics.org.az).






