Ağdaş Rayon İcra Hakimiyyəti ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutu arasında imzalanmış müqaviləyə əsasən hazırlanmış “Ağdaş rayonunun strateji sosial-iqtisadi inkişaf istiqamətləri” layihəsinin ilkin hesabatının təqdimatı keçirilib.
Təqdimatda Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, İqtisadiyyat İnstitutunun tədqiqatçıları - layihənin koordinatoru, professor Tərbiz Əliyev, layihənin ekspertləri – iqtisad elmləri doktoru Allahyar Muradov, texnika elmləri üzrə fəlsəfə doktoru Şakir Alıyev, iqtisad üzrə fəlsəfə doktorları Mahir Zeynalov və Vilayət Ramazanov, eləcə də Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak ediblər.
Təqdimat zamanı layihə çərçivəsində aparılmış araşdırmaların ilkin nəticələri, rayonun mövcud sosial-iqtisadi vəziyyəti, iqtisadi potensialı və investisiya imkanları barədə məlumat verilib. Həmçinin rayonun iqtisadi inkişafının sürətləndirilməsi, yerli sahibkarlığın dəstəklənməsi, yeni investisiyaların cəlb edilməsi və mövcud imkanlardan səmərəli istifadə olunması məsələləri ətrafında geniş müzakirələr aparılıb. Müzakirələr zamanı layihənin ilkin nəticələri nəzərdən keçirilib, qarşıda duran vəzifələr və rayonun gələcək inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Ağdaş rayonunun strateji sosial-iqtisadi inkişaf istiqamətləri” layihəsi çərçivəsində rayonun mövcud iqtisadi potensialı elmi əsaslarla qiymətləndirilmiş, imkanlar müəyyənləşdirilmiş, özəl investisiyalar üçün cəlbediciliyinin artırılması və uzunmüddətli sosial-iqtisadi inkişaf üzrə strateji təkliflər, konkret sahəvi layihələr hazırlanmışdır. Ağdaş rayonunun 2027–2031-ci illər üzrə sosial-iqtisadi inkişaf prioritetlərinin müəyyənləşdirilməsi rayonun investisiya mühitinin yaxşılaşdırılmasına və iqtisadi potensialının daha səmərəli reallaşdırılmasına töhfə verməsi nəzərdə tutulur (economics.org.az).






