Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “İnnovativ iqtisadiyyat və rəqəmsal transformasiya” şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Gülnarə Fətəliyeva 19-23 oktyabr 2026-cı il tarixlərində Vyana Müştərək İnstitutunda (Joint Vienna Institute – JVI) Avstriya Milli Bankının maliyyələşdirdiyi “ Yaşıl maliyyə - monetar siyasət və maliyyə tənzimləmələri” (Green Finance – Focus on Monetary Policy and Financial Regulation) mövzusunda təşkil olunmuş kursda iştirak etmişdir.
16 ölkədən 28 iştirakçının qatıldığı bir həftə davam edən kurs çərçivəsində “İqlim dəyişikliklərinə giriş”, “Yaşıl maliyyə nədir və onun təsiri nədən ibarətdir?”, “Avstriya Yaşıl Maliyyə Alyansı”, “Yaşıl istiqrazların buraxılması”, “Davamlı risklərin idarə edilməsi”, “Pul siyasətinin yaşıllaşdırılması”, “Alternativ pul siyasəti mandatı” kimi mövzularda mühazirələr təqdim edilmişdir.
Kurs müddətində interaktiv müzakirələr və seminarlar da təşkil olunmuşdur. Həmçinin iştirakçıların təmsil etdikləri ölkələrdə yaşıl maliyyə sahəsində həyata keçirilən siyasət və təşəbbüslərlə bağlı təqdimatları dinlənilib.
G.Fətəliyeva “İqlim dəyişmələrinin Azərbaycana təsiri” (Impact of Climate Change on Azerbaijan) mövzusunda təqdimatla çıxış edərək ölkəmizdə iqlim dəyişmələri ilə bağlı aktual məsələlər və bu sahədə həyata keçirilən tədbirlər barədə məlumat verib. Tədqiqatçı müzakirələrdə fəal iştirak edərək müxtəlif ölkələrin nümayəndələri ilə fikir mübadiləsi aparmışdır.
Kursun sonuncu günü iştirakçılar üçün Avstriya Milli Bankına və bankın Pul Muzeyinə səfər təşkil olunub. İştirakçılar Avstriyanın Milli Bankının fəaliyyəti və pul dövriyyəsinin tarixi ilə tanış olmaq imkanı əldə ediblər.
G.Fətəliyeva kursu uğurla başa vurduğuna görə sertifikatla təltif olunub. Beynəlxalq kursda iştirak yaşıl maliyyə, iqlim riskləri, monetar siyasət sahələrində bilik və təcrübənin artırılması, eləcə də əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətli olub.





