Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi Elmi Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən süni intellekt texnologiyalarının elmi-tədqiqat və analitik fəaliyyətlərdə səmərəli istifadənin təmin edilməsi məqsədilə üç metodoloji vəsait hazırlanmışdır.
“Elmi tədqiqatda süni intellekt: praktik metodoloji rəhbərlik” adlı nəşr elmi-tədqiqat fəaliyyətinin bütün mərhələlərində süni intellekt alətlərinin metodoloji tətbiqini sistemli şəkildə izah edir. Kitabda tədqiqat mövzusunun seçilməsi, elmi ədəbiyyatın axtarışı, metodologiyanın qurulması, məlumatların toplanması və təhlili, akademik yazı, elmi nəşrə hazırlıq, sorğu mühəndisliyi, Sİ alətlərinin seçilməsi, təşkilati tətbiq, idarəetmə və analitik fəaliyyətlərin təşkili, risklərin idarə olunması və keyfiyyət təminatı üzrə iş sxemləri və praktik yanaşmalar təqdim edilmişdir.
“Dövlət idarəetməsində süni intellekt: praktik iş rəhbərliyi” adlı kitab dövlət qulluqçularının gündəlik fəaliyyətində süni intellekt alətlərinin praktik tətbiqini sistemləşdirən iş rəhbərliyi kimi hazırlanmışdır. Vəsaitdə daxil olan sənədlərin və rəsmi yazışmaların hazırlanması, mənbə və faktların axtarışı və yoxlanılması, vətəndaş müraciətlərinin emalı, məlumat və statistikanın təhlili, siyasət təhlili və qərar dəstəyi, strategiya və fəaliyyət planlarının hazırlanması, normativ-hüquqi iş, büdcə, maliyyə və satınalma, audit və risklərin idarə edilməsi, ictimai kommunikasiya, beynəlxalq əməkdaşlıq, eləcə də insan resursları və təşkilati iş üzrə praktik yanaşmalar təqdim edilmişdir.
“Slash-Komandalar: süni intellektlə işdə prompt qısayollarının sistemləşdirilmiş kataloqu və tətbiq qaydaları” adlı kitab süni intellektlə işləyərkən tapşırığı daha qısa, ardıcıl və idarə olunan şəkildə ifadə etmək üçün slash-komandalardan istifadəni izah edir. Kataloqda komandalar funksiyalarına görə təsnif edilir, hər birinin mənası və tətbiq nümunələri göstərilir. Ayrıca komanda zəncirlərinin necə qurulması, şəxsi şablonların harada saxlanması və müxtəlif AI platformalarında necə uyğunlaşdırılması praktik nümunələrlə təqdim olunmuşdur.
Sözügedən vəsaitlər elmi müəssisələrin elmi işçiləri, doktorantları, magistrantları, tədqiqat qrupları və elmi idarəetmə strukturları tərəfindən istifadə olunması, onların rəqəmsal bacarıqlarının artırılmasına və iş proseslərinin təhlükəsiz, məsuliyyətli yanaşma əsasında təşkilinə mühüm töhfə verəcəkdir.
Yuxarıda qeyd olunan kitabların elektron versiyalarını aşağıdakı keçid (link) vasitəsilə əməkdaşların istifadəsi üçün təqdim edirik:
1. Elektron vəsait:
https://docs.google.com/viewer?url=https%3A%2F%2Fesri.gov.az%2Findex.php%3Fdo%3Ddownload%26id%3D95%26viewonline%3D1&utm_source=chatgpt.com
2. Elektron vəsait:
https://docs.google.com/viewer?url=https%3A%2F%2Fesri.gov.az%2Findex.php%3Fdo%3Ddownload%26id%3D100%26viewonline%3D1&utm_source=chatgpt.com
3. Elektron vəsait:
https://docs.google.com/viewer?url=https%3A%2F%2Fesri.gov.az%2Findex.php%3Fdo%3Ddownload%26id%3D97%26viewonline%3D1&utm_source=chatgpt.com






